“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam etdirilir.
Layihə üzrə tikinti işləri 4 lot əsasında aparılır. Artıq birinci lot üzrə işlərin 65 faizi icra edilib.
Növbəti mərhələdə 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülüməsi nəzərdə tutulur.
Layihə çərçivəsində nəzərdə tutulan 20 körpüdən 8-də işlər tamamlanıb, 2 körpüdə tamamlanma işləri gedir. Digər ərazilərdə salınacaq körpülərin isə geoloji qazıntı və svay vurma işləri həyata keçirilir.
Magistral yol üzrə hərəkət ödənişli olacaq. Ödənişi həyata keçirmək üçün isə sürücülər ödəmə terminallarından istifadə edəcəklər.
Sürücülərin yolda istifadə üçün ödəmə həyata keçirməsi məqsədilə yolboyu 4 ödəmə məntəqəsi fəaliyyət göstərəcək. Bu məntəqələrin hər birində 2 ilə 8 arası ödəmə terminalları yerləşəcək.
H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq avtomobil yolunun uzunluğu 150 kilometr təşkil edəcək. Tikinti işləri tam yekunlaşdıqdan sonra bu yol bölgədə turizmin inkişafına, yük və sərnişindaşımanın həcminin artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Sabir Bilalov